logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

05 Noyabr 2021, 18:00

Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

5 noyabr 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında onlayn formatda 8 Noyabr - Zəfər gününə həsr olunmuş “Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün konstitusiya əsasları” adlı respublika elmi-praktik konfransı keçirilmişdir.
9 xüsusi təyinatlı, 15 mülki ali təhsil müəssisəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarının rəhbərliyinin, professor-müəllim heyətinin, doktorant, magistrant və kursantlarının iştirak etdiyi konfrans plenar iclas və üç bölmə - Hüquq elmləri, İctimai-siyasi elmlər, İnformasiya fəaliyyəti və təhlükəsizliyi bölmələri üzrə keçirilmiş, müəlliflər 100-dən artıq elmi məruzə ilə çıxış etmişlər.
Əvvəlcə tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov konfransda açılış nitqi ilə çıxış edərək Vətən müharibəsində qazanılmış qələbə ilə Azərbaycanın öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini mətinliklə bütün dünyaya nümayiş etdirdiyini, Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi, Müzəffər Ordumuzun gücü və igid oğullarımızın canı-qanı bahasına əldə olunmuş Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirmişdir. 44 günlük Vətən müharibəsindəki qələbəmizin hakimiyyət-xalq birliyinin ən bariz nümunəsi olduğunu vurğulayan natiq, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirildiyini, Qarabağın yenidən dirçəldilməsi, onun əsl cənnət məkana çevrilməsi istiqamətində görüləcək işlərin dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu xüsusi vurğulamışdır.
Konfransın plenar iclasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi polis polkovniki Canpolad Daanov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəis müavini general-mayor Hafiz Musayev və Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini gömrük xidməti mayoru Araz Aslanlı Zəfər Gününə həsr olunmuş məruzələrlə çıxış etmişlər. Məruzəçilər Ordumuzun hərb tarixinə yeni səhifə yazmasından, dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsinin öyrənilməsindən bəhs etmiş, həmçinin müasir texnologiyadan istifadə olunan əks-hücum əməliyyatlarında əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər gününün tariximizin şanlı səhifəsi kimi yazıldığını konfrans iştirakçılarının nəzərinə çatdırmışlar. Eyni zamanda, məruzələrdə Vətən müharibəsi günlərində Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında əhəmiyyətli üstünlüyə malik olması, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öz gərgin iş qrafikinə baxmayaraq, mütəmadi nüfuzlu xarici KİV-lərə müsahibə vermək üçün vaxt ayırması, baş verənlərlə bağlı həqiqəti dünyaya çatdırması, mühüm tarixi faktları ortaya qoyması, aparıcı regional dövlətlərin bölgədə baş verən hadisələrə təsirinə siyasi qiymət verməsi, Ermənistan tərəfinin və onun havadarlarının beynəlxalq mediada yaymağa çalışdıqları mifləri darmadağın etməsi diqqətə çatdırılmışdır.
Sonda konfrans iştirakçıları Zəfər Gününə həsr olunmuş konfransın əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara minnətdarlıq ifadə etmişlər.