logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

07 May 2021, 19:00

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş respublika elmi-praktiki konfransı keçirilmişdir

7 may 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” adlı respublika elmi-praktiki konfransı keçirilmişdir. Pandemiya səbəbindən onlayn şəkildə “Zoom” platforması üzərindən keçirilən konfrans plenar iclas və üç bölmədə məruzələrin dinlənilməsi formasında təşkil edilmişdir. Səkkiz xüsusi təyinatlı və on mülki ali təhsil müəssisəsi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin də təmsil olunduğu konfransda professor-müəllim heyəti, elmi tədqiqatçılar, doktorant, magistrant və kursantlar iştirak etmişlər.
DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov konfransda açılış nitqi ilə çıxış edərək Heydər Əliyev fenomeni haqqında ətraflı məlumat vermiş, Ümummilli Liderin anadan olmasının nəinki Azərbaycanda, o cümlədən digər ölkələrdə də geniş qeyd edildiyini bildirmişdir. 
Ulu Öndərin ölkənin yenidən qurulması və onun inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi islahatlar barədə danışan general-mayor A.İsmayılov Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərin Azərbaycanın ən yeni tarixinə yüksəliş dövrü kimi yazıldığını, bu dövr ərzində dahi rəhbərin ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardığını, ictimai-siyasi sabitliyi bərqərar etdiyini, iqtisadi inkişafa geniş meydan açdığını, ölkəyə xarici sərmayələr cəlb etdiyini, dövlət idarəçiliyi mexanizmini yenidən yaratmağa müvəffəq olmaqla bərabər, nizami ordu qurduğunu və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirərək ölkədə bütün sahələr üzrə dinamik inkişafı təmin etməyə nail olduğunu vurğulamışdır. A.İsmayılov, həmçinin dünya birliyində layiqli yerini tutan dövlətimizin bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək yüksək beynəlxalq nüfuz qazandığını və nəticədə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurularaq azad vətəndaş cəmiyyətinin bərqərar edildiyini qeyd etmişdir. Çıxışında Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın qüdrətini bütün dünyaya bəyan etdiyini diqqətə çatdıran A.İsmayılov bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə işğal altında olan torpaqlarımızı öz dönməz iradəsi, uzaqgörən siyasəti, həmçinin ruh yüksəkliyi ilə döyüşən Azərbaycan Ordusunun qəhrəmanlığı və əzmkarlığı sayəsində azad edərək Azərbaycanı dünyanın siyasi arenasında qalib ölkə kimi zirvəyə qaldırmışdır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanların­dakı fəaliyyətinə nəzər salan general-mayor Allahverən İsmayılov eyni zamanda bildirmişdir ki, Ulu Öndər özünün yüksək intellektinə, peşəkarlığına, təşkilatçılıq qabiliyyətinə və işgüzarlığına görə həmkarlarından fərqlənərək ona qarşı qoyulan qadağa və təzyiqlərə baxmayaraq, Azərbaycan təhlükəsizlik orqanlarının milliləşdirilməsi və azərbaycanlı kadrların irəli çəkilməsində, bu orqanların yad ünsürlərdən təmizlənməsində böyük cəsarət, qətiyyət və hünər göstərmişdir.
Konfransın plenar iclasında, həmçinin Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi polis polkovniki Canpolad Daanov və Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəis müavini polkovnik İlham Babaşov çıxış etmişlər.
Konfransın üç bölmədən ibarət təşkil olunan ikinci hissəsində DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini polkovnik-leytenant Elşad Nəsirov çıxış etmşdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğundakı misilsiz xidmətlərindən, dövlətçilik ənənələrinin formalaşmasındakı rolundan bəhs edən polkovnik-leytenant E.Nəsirov Ümummilli Liderin Azərbaycan xalqının qəlbində daimi yaşayacağına əmin olduğunu bildirmişdir. Sonra o, bölmələr üzrə moderatorları konfrans iştirakçılarına təqdim etmiş və bölmələrin işinə uğurlar arzulamışdır.
Konfransın ikinci hissəsində “Hüquq elmləri”, “İctimai-siyasi elmlər” və “Texniki elmlər” bölmələri üzrə ümumilikdə 153 məruzə dinlənilmiş, yaradıcı elmi müzakirələr aparılmış, çoxsaylı elmi-praktiki təkliflər səsləndirilmişdir.
Sonda konfrans iştirakçıları belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.