Elektron Muzey
Elektron Sərgi və Eksponatlarla tanış olun
Qədim yunan filosofu Platon dövlətin təhlükəsizliyinin təmin olunması barədə yazırdı: “Bu, məharət və hədsiz əzmkarlıq tələb edir. Bu işlə məşğul olmaq üçün müvafiq fitri istedad gərəkdir”.
Dahi mütəfəkkir dövləti mühafizə edənlərin müdrik, dərrakəli, zirək və güclü olmasının zəruriliyini qeyd edirdi. Hələ eramızdan əvvəl ideal dövlət və onun qorunması haqqında irəli sürülən bu müddəalar hazırda da öz qüvvəsində qalır. İctimai-siyasi quruluşundan asılı olmayaraq, hər bir dövlətin təhlükəsizliyinin təmin edilməsi idarəçiliyin ən mühüm sahəsi sayılır. Dövlətin təhlükəsizliyi təkcə dövlət sisteminin qorunmasını deyil, ümumən, cəmiyyətdəki proseslərin səmərəli və təsirli bir şəkildə tənzimlənməsini nəzərdə tutur. Məhz bu baxımdan ulu öndər Heydər Əliyevin zəngin və maraqlı dövlətçilik irsi, idarəçilik təcrübəsi təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin dövlətçilik ənənələrinə sanballı töhfə kimi dəyərləndirilir.
Bu irsin mühüm tərkib hissələrindən birini də onun dövlət təhlükəsizliyi orqanlarında yüksək vətənpərvərliklə gerçəkləşdirdiyi, milli maraqlara tam cavab verən, çox yüksək peşəkar fəaliyyəti təşkil edir.
Ömrünün 25 ilini bu çətin, məsul və şərəfli sahədə qüsursuz xidmətdə keçirmiş, sıravi əməkdaşdan generaladək, respublika dövlət təhlükəsizliyi orqanının rəhbəri vəzifəsinə yüksəlmişdir.
Özünün fitri istedadı, dərin zəkası, fiziki və mənəvi gücü sayəsində kəşfiyyat və əks-kəşfiyyat işinin bütün incəliklərini mənimsəmiş, çoxsaylı əməliyyatların təşkilində və həyata keçirilməsində fəal iştirak etmiş, şəxsi şücaətlər göstərmişdir.
Dövlət təhlükəsizliyi orqanlarında ilk azərbaycanlı general kimi Heydər Əliyev sovet hakimiyyətinin və kommunist ideologiyasının hər cür milliliyi məhdudlaşdırdığı şəraitdə belə doğma xalqının özünəməxsusluğunun, onun müstəqillik ruhunun qorunub saxlanması, bu istiqamətdə yaradıcı fəaliyyət göstərən insanların siyasi təqiblərə məruz qalmaması üçün bütün imkanlardan istifadə etmişdir.
Ulu öndər Heydər Əliyev 1960-1970-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifə tutduğu dövrdə erməni-daşnak qüvvələrinin xalqımıza və respublikamıza qarşı məkrli planlarına qarşı qətiyyətlə mübarizə aparmışdır. Məlum olduğu kimi, təxminən, XIX əsrin əvvəllərində meydana çıxan bu qüvvələr türk-müsəlman torpaqlarında erməni dövləti yaratmaq məqsədi güdmüş, öz istəklərinə çatmaq üçün hər cür qeyri-insani vasitələrdən istifadə etmiş, dəhşətli cinayətlər törətmiş, nəhayət, məlum imperiyanın süqutundan və kommunist-bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra isə onların dəstəyi ilə tarixi Azərbaycan ərazilərində qondarma bir dövlət quraraq qismən öz istəklərinə çatmışlar. Keçmiş sovet hökumətinin mövcudluğu dövründə “xalqların bərabərliyi”ni təmin edən hakim kommunizm ideologiyasının təzyiqi altında gizli fəaliyyətə keçsələr də, erməni-daşnak qüvvələri öz çirkin iddia və niyyətlərini gerçəkləşdirmək üçün daim fürsət axtarmış, imkan tapdıqca Azərbaycana maddi-mənəvi zərər yetirməyə çalışmışlar.
Öz riyakarlıqları və hiyləgərlikləri sayəsində sovet dövlət orqanlarında bir sıra yüksək vəzifələr tutmağa nail olan sabiq daşnakçılar və onların təəssübkeşləri tanınmış ziyalılarımızın gözdən salınmasında və repressiya edilməsində canfəşanlıq göstərmiş, eyni zamanda, xalqımıza qarşı törədilmiş amansız qətliamların yaddaşlardan silinməsi, bu barədəki tarixi-sənədli mənbələrin yoxa çıxarılması istiqamətində iş aparmışlar.
Azərbaycanlıların zaman-zaman öz əzəli torpaqlarından çıxarılması, Qarabağdakı süni erməni muxtariyyətinin Ermənistana ilhaqı məsələsinin ortaya atılması erməni-daşnak qüvvələrinin məkrli planlarının tərkib hissəsi olmuşdur. Bu plan çərçivəsində ermənilər bəzən sovet dövləti rəhbərlərindən dəstək almaqla yanaşı, Azərbaycanda milli zəmində ixtilafı qızışdırmaq, münaqişə yaratmaq üçün də ardıcıl cəhdlər göstərirdilər. Hələ dövlət təhlüksizlik orqanlarının gənc əməkdaşı olarkən Heydər Əliyev belə cəhdlərə qarşı mübarizənin təşkilində mühüm rol oynamış, erməni millətçilərinin zərərsizləşdirilməsi üzrə əməliyyatların fəal iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində bunu təsdiqləyən kifayət qədər sənədlər vardır.
Ulu öndər erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərini 1930-70-ci illərdə davam etdirdiklərini xatırladaraq demişdir: “Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Respublika rəhbəri seçildikdən sonra da ulu öndər Heydər Əliyev Qarabağda milli mənafelərin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi, Ermənistandakı millətçi dairələrin təxribatlarının qarşısı alınması istiqamətində məqsədyönlü və təsirli tədbirlər görmüşdür. O, Azərbaycanı gözləyən təhlükələri fitri kəşfiyyatçı istedadı ilə qabaqcadan görür, siyasi-ideoloji vasitələrdən, mövcud qanunvericiliyin imkanlarından məharətlə istifadə edərək bu təhlükələri vaxtında önləyə bilirdi.
Ermənilərin əzəli Azərbaycan torpaqlarına çox yaxın tarixdə köçürüldüyünü onların özlərinin əli ilə əbədiləşdirmək ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur. Belə ki, Dağlıq Qarabağ erməniləri 1978-ci ildə əvvəlki Mardakert - indiki Ağdərə rayonunun Marağa kəndində ucaltdıqları abidə ilə bu torpaqlara 150 il əvvəl gəldiklərini təsdiqləmişlər.
Moskvada, keçmiş SSRİ rəhbərliyində çalışdığı beş ildə daim erməni millətçilərinin hədəfində olan ulu öndər Heydər Əliyev onların öz xarici diaspor təşkilatları ilə birlikdə Azərbaycana və azərbaycanlılar əleyhinə şər, böhtan, qarayaxma kampaniyasına qarşı təkbaşına mübarizə aparırdı. Xalqımızın dahi oğlunun ermənipərəst qüvvələr tərəfindən siyasi fəaliyyətdən uzaqlaşdırılıb təzyiq və təqiblərə məruz qalması Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışan erməni-daşnak qüvvələrinə öz niyyətlərini açıq bəyan etmək və hərəkətə keçmək fürsəti verdi. Məhz bu amil otuz ildir davam edən və xalqımızı ağır bəlalara məruz qoyan münaqişənin başlanmasında həlledici rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü təhlil edib səciyyələndirərkən demişdir: “Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, ovaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Əlbəttə, Sovet İttifaqının dağılmasının səbəbləri kifayət qədər çoxdur. Ancaq onun əsas səbəbləri əlbəttə ki, yanlış milli siyasət olmuşdur. Sovet İttifaqını böyük dövlət kimi saxlayan məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da ki, qəsdən çox ziyanlı addımlar atmışlar. Onların arasında Dağlıq Qarabağdakı erməni millətçilərinin, separatçılarının vaxtında cəzalandırılmaması məsələsi xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən sonra digər yerlərdə də toqquşmalar baş verdi və nəticə etibarilə Sovet İttifaqı dağıldı”.
Xalqımızın milli azadlıq mübarizəsi və ideoloji dayaqları çürüyən keçmiş ittifaq dövlətinin süqutu nəticəsində Azərbaycanın bərpa olunan dövlət müstəqilliyinin xilaskarı kimi ulu öndər Heydər Əliyevin adı milli dövlətçilik tariximizə əbədi həkk olunmuşdur. Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan nə qədər çətin olduğunu dünyagörmüş müdriklər, siyasət dahiləri dəfələrlə bəyan ediblər. Ölkəmizdə son otuz ildə baş verən hadisələrin canlı şahidiləri kimi bizlər də bunu yaxşı bilir və xalqımızın dünyada öz müstəqil dövləti olan xalqlar sırasında yer almasına görə qürur hissi keçirərkən bu dövlətin banisi və qurucusu olan ulu öndər Heydər Əliyevin ölməz ruhu qarşısında ehtiramla baş əyirik.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyətində tamamilə yeni bir dövr başlanmış, bu orqanların vətənpərvər əməkdaşları xalqın iradəsinin müdafiəsinə səfərbər olmuşlar. Ulu öndər Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışına qədər dövlət idarəçiliyindəki xaos və naşılıq bu orqanlara sirayət etsə də, şəxsi heyətin mənəviyyatca sağlam, ideyaca milli, mahiyyətcə peşəkar qismi öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, müstəqil dövlət quruculuğu prosesində isə təhlükəsizliyin təmin edilməsində prinsipial mövqe və sədaqət nümayiş etdirmiş, ölkəmizin suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısına möhkəm sipər çəkmişlər.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dövlət təhlükəsizliyi sisteminin əsaslı şəkildə və hərtərəfli möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması ilə bağlı təxirəsalınmaz vəzifələrin yüksək peşəkarlıqla icra edilməsi, müasir tələblərə cavab verən yeni nəsil kadr potensialının formalaşdırılması, bu məqsədlə xüsusi təhsil müəssisəsinin yaradılması, təhlükəsizlik xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və s. mühüm islahatlar kompleksinin həyata keçirilməsi ilə əlamətdar olmuşdur.
Dövlətin və xalqın təhlükəsizliyinin təmin edilməsi sahəsində Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş strateji xətt, bu xəttin uğurla reallaşdırılmasına imkan verən sağlam və mütərəqqi ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və prinsipial rəhbərliyi altında uğurla davam etdirilir. Dünyanın ayrı-ayrı bölgələrində münaqişə və xaosun hökm sürdüyü, insanların faciələrə düçar olduğu, çoxsaylı yaşayış məntəqələrinin xarabazara çevrildiyi bir vaxtda Azərbaycan davamlı inkişaf, dayanıqlı sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Bu nailiyyətin təməlində ümummilli lider Heydər Əliyev ideyalarının cəmiyyətin aparıcı mənəvi-siyasi amalı, onun layiqli davamçısı cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinin alternativsiz kursu kimi xalq tərəfindən yekdilliklə qəbul edilməsi dayanır.
Aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının yenilməz iradəsinin növbəti təcəssümü oldu. Demokratik, ədalətli, şəffaf seçkilər nəticəsində yenidən xalqın mütləq etimadını qazanan cənab İlham Əliyev andiçmə mərasimində vətəndaşlarımızın inkişafa, tərəqqiyə, təhlükəsizliyə səs verdiyini vurğulayaraq demişdir: “Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq... Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq”.
Bu gün Azərbaycandakı milli birlik, vətəndaş həmrəyliyi daxili risklərin aradan qaldırılması, təhlükəsizliyin təmin edilməsi, təbii ki, düşmənlərimizin narahatlığına səbəb olur. Təcavüzkar Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, bu terrorçu dövlətin beynəlxalq təsisatlar tərəfindən sülhə gətirilməməsi ölkəmiz üçün ciddi təhlükə mənbəyi kimi qalmaqdadır. Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu tənzimlənməsi üçün konstruktiv cəhdlər göstərməklə yanaşı, ölkəmizin ərazi bütövlüyünün hərbi vasitələrlə bərpa edilməsi mümkünlüyünü də bəyan etmişdir. Müasir hərb tariximizin zəfərlərindən olan 2016-cı ilin aprel döyüşləri isə bu bəyanatın söz deyil, real və qətiyyətli fəaliyyət imkanı olduğunu göstərmişdir.
Yeri gəlmişkən, əminliklə qeyd edə bilərik ki, bu gün Ermənistanda hökm sürən hakimiyyət böhranının, siyasi xaosun kökündə Azərbaycanın təcavüzkara qarşı aparıdığı iqtisadi təcridetmə siyasətinin vurduğu zərbənin nəticələri dayanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bunun başqa yolu yoxdur, Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.
Onu da vurğulamaq istərdim ki, erməni terrorunun təkcə müstəqil dövlətimizin üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyi olduğunu təsdiqləyən çoxsaylı faktlar dünya birliyinə yaxşı məlumdur. Erməni diasporu tərəfindən dəstəklənən və maliyyələşdirən erməni terror təşkilatlarının ölkəmizə qarşı təxribat-pozuculuq əməllərinin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.
Son illərdə təhlükəsizlik sisteminin yenidən təşkili dövlət təhlükəsizliyi orqanlarının fəaliyyətinin subyektiv xarakter daşıyan neqativ hallardan tam təmizlənməsinə istiqamətlənmişdir və öz müsbət nəticəsini verir. Dövlət Təhlükəsizliyi Xidmətində Ulu Öndərin ənənə və nümunəsinə sadiqliyin qorunub saxlanması, şəxsi heyətin intellekt, mənəviyyat, fiziki hazırlıq, peşəkarlıq və ziyalılıq cəhətdən onun qoyduğu yüksək tələblərə cavab verən kadrlar hesabına gücləndirilməsi təmin edilir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş sistemli struktur və kadr dəyişikliklərinin, o cümlədən fəaliyyətin optimallaşdırılmasının, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasının, sağlam işgüzar mühitin yaradılmasının, eləcə də sosial-maddi təminatın, beynəlxalq əlaqələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu orqanda xidmətin daha səmərəli və çevik təşkilinə təkan vermişdir. Ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə sahəsində aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq əlaqələri daha da genişləndirilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini, şəxsi heyətin öz vəzifələrinin icrasında məsuliyyətli münasibətini daim diqqətdə saxlayan və dəyərləndirən möhtərəm Prezident cənab İlham Əliyev bu il də peşə bayramı ərəfəsində ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi barədə sərəncamlar imzalamışdır. Ölkə rəhbərinin, Ali Baş Komandanımızın qayğıkeşliyi dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə, ayıq-sayıqlıqla qorunması üçün bu orqanda əzmlə xidmət edənlərə tükənməz mənəvi güc verir.
Şamil Süleymanov,
Azərbaycan Xüsusi Xidmət Orqanlarının
Veteranları İctimai Birliyinin sədri