Elektron Muzey
Elektron Sərgi və Eksponatlarla tanış olun
Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi hazırlıq, fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s. fəaliyyət göstərir.
Akademiyada kursantlara ali bakalavr təhsili verən (təhsil müddəti 5 ildir) "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə qəbul "Hüquqşünaslıq", "Dövlət təhlükəsizliyi və idarəetmə" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə orta məktəb məzunları sırasından Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin test imtahanları vasitəsilə həyata keçirilir. Kursantlar təhsil müddətində Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında əməliyyat təcrübəsi və ixtisaslaşması keçirlər.
Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar. Bundan əlavə, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlara Heydər Əliyev adına təqaüd verilir.
Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və «leytenant» ilk zabit hərbi rütbəsi verilir.
"Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar."
Prezident İlham Əliyev
Akademiyada Dövlət Təhlükəsizliyi Xidmətinə yeni qəbul olunanların hazırlığını təmin etmək məqsədilə Ali kurslar, eləcə də Xidmətin əməkdaşlarının ixtisaslarının artırılması üçün müxtəlif kurslar təşkil olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının "Hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil də həyata keçirilir.
Akademiyada dərslər müasir tələblərə cavab verən tədris korpuslarında aparılır. Tədris prosesini yüksək səviyyədə təmin etmək üçün müasir kompüterlər, audio-video texnika, proyektorlar və stendlərlə təchiz edilmiş xüsusi təyinatlı siniflər, kriminalistik kabinetlər, sınaq otaqları və laboratoriyaları, müasir kompüter sinifləri, linqafon zalları, zəngin fonda malik xüsusi, ümumi və bədii kitabxanalar, gözəl tərtibata və audio-video qurğulara malik klublar və s. kursant və dinləyicilərin ixtiyarına verilmişdir.
Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla, müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir.
Tədris prosesi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən elmlər doktorları və fəlsəfə doktorları, habelə uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli zabitlər tərəfindən həyata keçirilir.
Eyni zamanda, xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki dərslər aparmaq məqsədi ilə DTX-nin rəhbər heyəti və yüksək ixtisaslı mütəxəssisləri Akademiyada pedaqoji fəaliyyətə cəlb olunurlar.
Akademiyada bir çox ixtisaslar və elmi istiqamətlər üzrə elmi tədqiqatlar aparılır. Fundamental və tətbiqi araşdırmalar nəticəsində professor-müəllim heyətinin onlarla monoqrafiyası nəşr edilmiş və nüfuzlu elmi jurnallarda məqalələri dərc olunmuşdur. Ötən dövr ərzində iki yüzdən artıq monoqrafiya, dərslik, dərs vəsaiti və digər tədris-metodiki vəsaitlər hazırlanaraq nəşr olunmuşdur.
Akademiyanın elmi-pedaqoji fəaliyyətinə rəhbərliyi kollegial orqan olan Elmi Şura həyata keçirir.