logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

26 Fevral 2026, 09:00

DTX-nin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

2026-cı ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində fevral ayının 25-də Akademiyanın inzibati binasında öncədən qanlı faciəni əks etdirən fotoşəkillər, kursant və əməkdaşların çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olunmuş, həmin sərgi şəxsi heyət tərəfindən böyük diqqət və həssaslıqla qarşılanmışdır.

Fevralın 26-da Akademiyada ilk dərslər Xocalı soyqırımına həsr olunmuş, müəllimlər tərəfindən kursant və dinləyicilərə soyqırımı haqqında məlumat verilmişdir.

Bununla yanaşı, fevral ayının 26-da akt zalında əməkdaşların iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Anım tədbiri açıq elan olunduqdan sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir. Ardınca İctimai-siyasi fənlər kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nəriman Həsənov “26 fevral – Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda məruzə ilə çıxış edərək, bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, otuz dörd il öncə həyata keçirilən bu qətliam nəticəsində yüzlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalıda baş verən hadisələr zamanı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu vurğulayan natiq bu faciəyə ilk hüquqi-siyasi qiymətin məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra verildiyini və soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirildiyini diqqətə çatdırmışdır. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Həmçinin, fevral ayının 26-da Akademiyanın Heydər Əliyev muzeyində Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Akademiyanın professor-müəllim heyəti və əməkdaşları ilə yanaşı, kursantları da iştirak etmişdir. Tədbir açıq elan olunduqdan sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir. Tədirdə çıxış edənlər bildirilmişlər ki, xalqımızın yaddaşında silinməz iz buraxmış Xocalı soyqırımı hər il dərin ehtiramla anılır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını ölkəmizin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş, Xocalı şəhəri separatçılardan tamamilə təmizlənmişdir. Xocalı soyqırımının və xalqımıza qarşı törədilmiş digər ağır cinayətlərin iştirakçılarının məhz Bakı şəhərində ədalət mühakiməsi qarşısında cavab verməsi tarixi ədalətin bərpasının rəmzi olmaqla yanaşı, dövlətimizin hüquqi mövqeyinin və suverenliyinin  təntənəsidir. Azərbaycan həm ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, həm də xalqımıza qarşı törədilmiş cinayətlərin cəzasız qalmayacağını real müstəvidə nümayiş etdirmişdir. Bu proses hüququn aliliyinin təmin edilməsi və ədalət prinsipinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirin sonunda soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir

Qeyd olunanlarla yanaşı, fevral ayının 26-da saat 17:00-da Akademiyanın bütün şəxsi heyəti faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.