logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

26 Fevral 2022, 13:00

DTX-nin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

DTX-nin Heydər Əliyev adına Akademiyasında (Akademiya) fevral ayının 21-26-sı tarixlərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan silsilə tədbirlər keçirilmişdir.
Həyata keçirilən tədbirlər çərçivəsində Akademiyanın inzibati binasında öncədən qanlı faciəni əks etdirən fotoşəkillər, kursant və əməkdaşların çəkdikləri rəsmlər və ermənilərin müxtəlif illərdə Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər haqqında nəşr edilmiş kitablardan ibarət sərgi təşkil olunmuş və həmin sərgi şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.
Eyni zamanda, Akademiyanın inzibati binasında quraşdırılmış monitorda Xocalı soyqırımı haqqında bəhs edən videoçarx nümayiş etdirilmiş, eləcə də mövzuya aid çap materialları hazırlanaraq kursların mətbuat lövhələrinə yerləşdirilmişdir.
Fevral ayının 21-24-ü tarixlərində kursantlarla təşkil olunan tərbiyəvi iş saatlarında onlara İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırladığı “Xocalıda” televiziya filmi nümayiş etdirilmişdir.
Fevral ayının 24-də inzibati binanın klubunda Akademiyanın əməkdaşlarının və dinləyicilərinin iştirakı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Xüsusi karantin qaydalarına uyğun olaraq təşkil olunmuş anım mərasimi açıq elan olunduqdan sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir. Daha sonra məruzəçi tərəfindən Xocalı soyqırımı haqqında rəsmi sənədlərdə təsbit edilən faktlar şəxsi heyətin diqqətinə çatdırılmış, sözügedən soyqırım aktının beynəlxalq səviyyədə tanınması istiqamətində son illər ərzində görülmüş işlər barədə ətraflı məlumat verilmişdir. Çıxışdan sonra tədbir iştirakçılarına “Xocalıda” televiziya filmi nümayiş etdirilmişdir.
Həmçinin fevral ayının 25-də Akademiyanın Kursant Elmi Cəmiyyətinin Xocalı soyqırımına həsr olunan xüsusi iclası keçirilmişdir. Həmin iclasda Kursant Elmi Cəmiyyətinin üzvü olan əməkdaşlar və kursantlar Xocalı soyqırımı barədə məruzələrlə çıxış edərək mövzu ətrafında geniş fikir mübadiləsi aparmışlar. İclasın sonunda tədbir iştirakçılarına mövzuya aid videoçarx nümayiş etdirilmişdir.
Silsilə tədbirlərin sonuncu günü - fevral ayının 26-da təhsil müəssisənin inzibati binasında Xocalı soyqırımı ilə əlaqədar təşkil olunmuş sərgini Akademiyanın rəhbərliyi ziyarət etmiş, faciə qurbanlarının əziz xatirəsi yad olunmuşdur.