Elektron Muzey
Elektron Sərgi və Eksponatlarla tanış olun
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümünə həsr olunmuş “Rəqəmsal suverenlik və süni intellekt: milli təhlükəsizlik konsepsiyasının yeni mərhələsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Akademiyanın rəhbərliyi və əməkdaşları ilə yanaşı, respublikanın digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin əməkdaşlarının da iştirak etdiyi tədbir açıq elan olunduqdan sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiya rəisinin 1-ci müavini polkovnik Azər İsmayılov dəyirmi masa iştirakçılarını salamladıqdan sonra bu il mart ayının 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötdüyünü diqqətə çatdırmışdır. Natiq bildirmişdir ki, müasir geosiyasi və texnoloji reallıqlar şəraitində kibersuverenlik məsələsi dövlətlərin milli təhlükəsizlik strategiyalarında üstün mövqeyə yüksəlmişdir. Rəqəmsal mühitin genişlənməsi və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində suverenlik anlayışı artıq fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda kiberməkanda dövlətin mövcudluğunu və təsir imkanlarını da əhatə edir. Bu isə dövlətlər qarşısında yeni tələblər və çoxşaxəli çağırışlar formalaşdırır. Bu baxımdan Azərbaycanda rəqəmsal mühitin sürətlə genişlənməsi və innovativ texnologiyaların tətbiqinin artması dövlətin təhlükəsizlik siyasətində yeni prioritetlərin formalaşmasına səbəb olmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən məqsədyönlü rəqəmsal inkişaf siyasəti çərçivəsində dövlət idarəçiliyinin modernləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu proseslər ölkənin texnoloji potensialını artırmaqla yanaşı, kibertəhlükəsizlik sahəsində yeni yanaşmaların tətbiqini də zəruri edir. Xüsusilə kibertəhlükəsizlik və kibersuverenlik məsələlərinin artıq yalnız texniki deyil, həm də strateji müstəvidə mühüm əhəmiyyət daşıyan istiqamətlər kimi çıxış etdiyini qeyd edən natiq bu baxımdan keçirilən elmi tədbirlər və müzakirə platformalarının mövcud problemlərin sistemli təhlili və effektiv həll mexanizmlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Daha sonra tədbirdə Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmiş, ardınca isə xüsusi təyinatlı ali təhsil müəssisələrinin əməkdaşlarının məruzələri dinlənilmişdir.
Məruzələrdə bildirilmişdir ki, qlobal texnoloji dəyişikliklər və artan kiber risklər fonunda yeni nəsil rəqəmsal sistemlərin qurulması, məlumatların qorunması və milli maraqların təmin edilməsi kompleks yanaşma tələb edir. Bu isə həm elmi-nəzəri əsasların işlənməsini, həm də praktik tətbiq mexanizmlərinin təkmilləşdirilməsini şərtləndirir. Keçirilən dəyirmi masa da mövcud problemlərin sistemli şəkildə araşdırılması, innovativ həllərin irəli sürülməsi və strateji baxışların formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal transformasiyanın sürətli inkişafı və süni intellekt texnologiyalarının geniş tətbiqi dövlətlərin kiberməkandakı mövqeyini gücləndirərkən, eyni zamanda yeni risk və təhlükələri də gündəmə gətirir. Bu səbəbdən kibersuverenliyin qorunması yalnız texnoloji tədbirlərlə deyil, həm də hüquqi və sosial mexanizmlərin gücləndirilməsi ilə mümkündür. Dövlət informasiya sistemlərinin mühafizəsi və kiberməkandakı təhlükələrə qarşı mübarizə milli kibersuverenliyin ən vacib istiqamətlərindən biri kimi önə çıxır. Bu sahədə effektiv nəticə əldə etmək yalnız dövlət qurumlarının səyləri ilə mümkün deyil, eyni zamanda elmi mühitin təhlil və araşdırmaları, eləcə də vətəndaş cəmiyyəti ilə fəal əməkdaşlıq zəruridir. Belə bir şəraitdə kibersuverenliyin gücləndirilməsi texnoloji tədbirlərlə yanaşı, həm də hüquqi və elmi əsasların inkişafı ilə mümkün olur. Beləliklə, rəqəmsal transformasiya proseslərinin dərinləşməsi fonunda kibersuverenliyin təmin olunması, süni intellektin təhlükəsiz və səmərəli tətbiqi, eləcə də dayanıqlı rəqəmsal mühitin formalaşdırılması və kiber risklərin idarə olunması dövlətin milli maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir.
Tədbirin davamı olaraq mövzu ətrafında geniş müzakirə və fikir mübadiləsi aparılmışdır.
Sonda isə xatirə fotoşəkli çəkdirilmişdir.