04 Noyabr 2024, 16:00
DTX-nin Akademiyasında Zəfər Gününə həsr olunmuş respublika elmi-nəzəri konfransı keçirilmişdir
Noyabrın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Zəfər salnaməsi” adlı respublika elmi-nəzəri konfransı keçirilmişdir.
Konfransda Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantları, Milli Məclisin deputatı Arzu Nağıyev və Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev iştirak etmişlər.
İlk olaraq tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anmışlar.
Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi polkovnik Elşad Nəsirov qonaqları salamlayaraq rəşadətli Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən ətraflı bəhs etmişdir. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Silahlı Qüvvələrimizin “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı ilə başlayan və ərazi bütövlüyümüzün bərpası ilə yekunlaşan Vətən müharibəsi zamanı Azərbaycanın öz gücü və tarixi ədalət uğrunda inamlı mübarizəsini bütün dünyaya nümayiş etdirdiyini qeyd edən natiq bir çox tarixi faktlara nəzər yetirmiş, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti nəticəsində ölkəmizin hərtərəfli inkişafı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün sarsılmaz təməllər yaradıldığını vurğulamışdır.
Ardınca konfransda Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Daha sonra Milli Məclisin deputatı Arzu Nağıyev çıxış edərək belə bir konfransın keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş və Zəfər gününün Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsi olduğunu bildirmişdir. 44 gün ərzində qazanılan bu qələbənin 30 ilə yaxın hərbi təcavüzə məruz qalmış torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də regionun inkişafı üçün yeni imkanlar açdığını qeyd edən A.Nağıyev ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər haqqında danışmışdır.
Konfransda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsinin, Azərbaycan əsgərinin və zabitinin igidliyinin, xalqımızın birliyinin Vətən müharibəsində tarixi Qələbəmizi təmin edən əsas amillər olduğunu bildirmiş, keçdiyi döyüş yolundan söz açaraq müharibə xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Həmçinin konfransda dünya hərb tarixinə yeni səhifə yazan rəşadətli Azərbaycan Ordusunun müharibə təcrübəsinin bir sıra ölkələr tərəfindən öyrənilməsi, Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının igidlik, cəsarət nümayiş etdirərək rəşadətli Ordumuzun qazandığı qələbəyə verdikləri töhfələr xüsusilə vurğulanmışdır.
Sonda qonaqlara Akademiyanın xatirə hədiyyələri təqdim edilmişdir.