logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

05 May 2022, 15:00

DTX-nin Akademiyasında Ulu Öndərin doğum gününə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilmişdir

5 may 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Müasir Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin rolu” adlı respublika elmi-praktik konfransı keçirilmişdir. "Zoom" platforması üzərindən onlayn formatda keçirilən konfrans plenar iclas və üç bölmədə məruzələrin dinlənilməsi formasında təşkil edilmişdir. Doqquz xüsusi təyinatlı və ondan artıq mülki ali təhsil müəssisəsi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının da təmsil olunduğu konfransda professor-müəllim heyəti, elmi tədqiqatçılar, doktorant, magistrant və kursantlar iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini polkovnik-leytenant Elşad Nəsirov konfransda açılış nitqi ilə çıxış edərək Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, xalqı ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər kimi Heydər Əliyev şəxsiyyəti haqqında ətraflı söhbət açmış, Ümummilli Liderin Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlardan, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundakı rolundan, Azərbaycan hüquq sisteminin formalaşmasında, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində atdığı qətiyyətli addımlardan, habelə Azərbaycanın xarici siyasətinin formalaşmasında, qüdrətli Azərbaycan ordusunun yaradılmasında əvəzolunmaz xidmətlərindən bəhs etmişdir.
Çıxışının sonunda məruzəçi dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ictimai həyatın bütün sahələrində islahatların həyata keçirildiyini vurğulamışdır.
Konfransın plenar iclasında, həmçinin Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəis müavini general-mayor Hafiz Musayev, Daxili Qoşunların Ali Hərbi Məktəbinin qərargah rəisi polkovnik Cavad Rzayev, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya nəşriyyat şöbəsinin rəisi polis polkovniki h.ü.f.d., dosent Hikmət Eyvazov, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri t.e.d., professor İradə Hüseynova və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, h.ü.f.d. Fəxrəddin Nağıyev çıxış edərək Heydər Əliyevin dövlətçilik düşüncələrinin əmək fəaliyyətinə başladığı ilk dövrdən meydana gəlməsi, keçmiş sovetlər dövründə respublikanın rəhbəri kimi azərbaycanlı gənclərin milli ruhunun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi, DTK-ya rəhbərlik etdiyi dövrdə kadrların milliləşdirilməsi sahəsində islahatlar aparması barədə məlumat vermişlər. Məruzəçilər, həmçinin Ulu Öndərin hakimiyyətə gəldiyi ilk günlərdən bütün maneələrə baxmayaraq Azərbaycan Ordusu üçün milli zabit kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə Çəmşid Naxçıvanski adına hərbi məktəbi yaratması, mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışması, xalqımızı ən inkişaf etmiş xalqlar səviyyəsinə çıxarması, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməməsi barədə konfrans iştirakçıları ilə fikirlərini bölüşmüşlər.
Konfransın ikinci hissəsində “Hüquq elmləri”, “İctimai-siyasi elmlər” və “İnformasiya təhlükəsizliyi” bölmələri üzrə ümumilikdə 104 məruzə dinlənilmiş, yaradıcı elmi müzakirələr aparılmış, çoxsaylı elmi-praktiki təkliflər səsləndirilmişdir.
Sonda konfrans iştirakçıları konfransın əhəmiyyətini yüksək qiymətləndirmiş və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.