logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

13 İyun 2025, 16:00

DTX-nin Akademiyasında “Süni intellekt” adlı təlim-seminar keçirilmişdir.

İyun ayının 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə “Süni intellekt” adlı təlim-seminar keçirilmişdir.
Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və kursantları ilə yanaşı, AKTA-nın tərəfdaş olduğu şirkətlərin mütəxəssisləri iştirak etmişlər. Tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Seminarda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli 530 nömrəli Sərən­camı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategi­ya­sı” ölkəmizin rəqəmsal iqtisadiyyata və inkişaf etmiş informasiya cəmiyyətinin mövcudluğuna keçidinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə Akademiyada elmi tədqi­qatların gücləndi­rilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi, süni intellekt sahəsində ixtisas­laşmış mütəxəssislərin və yeni tədris proqramlarının hazırlanması, təlim və elmi proqramların genişlən­dirilməsi, süni intellekt texnologiyalarından kibertəhlükəsizlik sahəsində istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir. Paralel olaraq informasiya təhlükəsizliyi və kibertəh­lükəsizlik üzrə yarana biləcək təhdid­lərin və risklərin əvvəlcədən müəyyən edilməsi, eləcə də onlara qarşı görülməli tədbirlərin proqnozlaşdırılması məqsədilə süni intellekt əsaslı həllərin işlə­nib hazırlanması və tətbiqinin təşkil edilməsi nəzərdə tutulmuş, professor-müəllim heyəti və kursantlar üçün xüsusi təlim-seminarların keçirilməsi planlaşdırılmışdır.
Daha sonra tədbirdə AKTA-nın tərəfdaş olduğu şirkətlərin mütəxəssisləri “Təhlükəsizlikdə süni intellektin rolu”, “Süni intellekt ilə yaranan kritik risklər və cavab strategiyası” və “Təhlükəsiz süni intellekt modellərinin qurulması” mövzularında məruzələrlə çıxış etmişlər.
Sonda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq məruzəçilərə və təlim-seminarın təşkilatçılarına təşəkkürünü bildirmişdir.