logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

25 İyun 2025, 16:00

DTX-nin Akademiyasında Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilmişdir.

İyun ayının 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, kursant və dinləyiciləri ilə yanaşı, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun rektoru, Vətən müharibəsi iştirakçısı, polkovnik Ümüdvar Quliyev iştirak etmişdir.
Tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Ardınca Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə Akademiyanın rəisi general-mayor Elşad Nəsirov çıxış edərək, şəxsi heyəti bayram münasibətilə təbrik etmiş, onlara xidməti fəaliyyətdə və təhsildə yeni-yeni uğurlar arzulamışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində öz müstəqilliyini bərpa etmiş ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tərəfindən vahid komandanlıq altında nizami ordunun yaradılmasının prioritet məsələ elan olduğunu diqqətə çatdıran E.Nəsirov möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatların həyata keçirildiyini vurğulamışdır.
Tədbirdə çıxış edən polkovnik Ümüdvar Quliyev Silahlı Qüvvələrimizin keçdiyi tarixi yola nəzər salaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli ordu quruculuğu prosesinin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər ilə xalqımızın 30 illik doğma yurd həsrətinə son qoyaraq, regionda davamlı sülh üçün əlverişli şərait yaratmışdır.
Daha sonra Akademiyanın Ümumqoşun fənləri kafedrasının müəllimi, ehtiyatda olan polkovnik-leytenant Famil Məhsumov məruzə ilə çıxış edərək, Vətən müharibəsinin və 2023-cü ilin antiterror əməliyyatlarının Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulan bütün vəzifələri şərəf və ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsi olduğunu qeyd etmiş, hazırda ordumuzun təchizatına, döyüş qabiliyyətinə və peşəkarlıq səviyyəsinə görə dünyanın aparıcı orduları sırasında yer aldığını bildirmişdir.
Tədbirin sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilmişdir.