15 Mart 2024, 18:00
DTX-nin Akademiyasında respublika elmi-praktiki konfransı keçirilmişdir
Mart ayının 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbər şəxslərinin və professor-müəllim heyətinin iştirakı ilə Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümünə həsr olunmuş “Azərbaycanın təhlükəsizlik orqanları: tarixi inkişaf və müasirlik” mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir.
İlk olaraq qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla anmışlar.
Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi vəzifəsinin icraçısı polkovnik Elşad Nəsirov qonaqları salamlayaraq bu il mart ayının 28-də müstəqil Azərbaycanın mühüm dövlət təsisatlarından olan təhlükəsizlik orqanlarının yaradılmasından 105 il ötdüyünü diqqətə çatdırmışdır. Xüsusi xidmət orqanlarımızın keçdiyi çətin və şərəfli yoldan bəhs edən natiq ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ulu Öndərin təşkilatın milliləşdirilməsi prosesinin əsasını qoyduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, formalaşması və inkişafı Ümummilli Liderin adı ilə sıx bağlı olan müstəqil Azərbaycanın təhlükəsizlik orqanları bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətini uğurla davam etdirir, Ulu Öndərin ideyalarına, peşəkarlıq ənənələrinə sadiq qalaraq qarşısına qoyulan vəzifələri tələb olunan səviyyədə yerinə yetirmək üçün əzmlə çalışır.
Ardınca konfransda Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Daha sonra tədbirdə Xalq yazıçısı Elmira Axundova, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü, istefada olan polkovnik Əli Orucov çıxış etmişdir. Onlar belə bir konfransın keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu inamla və uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin milli maraqların qorunması və respublikamızın təhlükəsiz gələcəyinin təmin edilməsi istiqamətində əvəzsiz səylərindən danışmışlar.
Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə DTX-nin şəxsi heyətinə xoş təbriklərini çatdıran çıxışçılar onlara müstəqilliyimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı naminə fəaliyyətlərində uğurlar arzulamışlar.