Elektron Muzey
Elektron Sərgi və Eksponatlarla tanış olun
İyun ayının 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) 28 May – Müstəqillik Günü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Cümhuriyyət salnaməsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və kursantları iştirak etmişlər. Tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Mövzuya aid videoçarx nümayiş etdirildikdən sonra tədbirin rəsmi hissəsində çıxış edən məruzəçi kursant 28 Mayın Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyəti barədə söhbət açaraq Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın azadlıq və istiqlal arzusunun gerçəkləşdiyini, gələcək nəsillər üçün müstəqillik ideyasının əsasının qoyulduğunu qeyd etmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın demokratik, hüquqi və dünyəvi dövlət quruluşumuzun zəmanəti olduğunu vurğulayan məruzəçi, Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa bərpa olunması ilə müstəqil Azərbaycanın öz müasir tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoyduğunu bildirmişdir. Daha sonra tədbirin bədii hissəsi kursantların hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.