logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

01 Oktyabr 2022, 12:00

DTX-nin Akademiyasında kursantların andiçmə mərasimi keçirilmişdir

Oktyabr ayının 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunan kursantların andiçmə mərasimi keçirilib. Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyulub və Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.
Akademiyanın rəhbərliyinin, əməkdaşlarının, professor-müəllim heyətinin, kursantların və onların valideynlərinin iştirak etdiyi təntənəli mərasimdə Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Tədbir açıq elan olunduqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kursantların hərbi andı qəbul etmək üçün hazır olmaları barədə Akademiya rəisinə raport verilib. Andiçmə mərasiminin başlanmasına icazə verildikdən sonra kursantlar təntənəli surətdə and içiblər.
DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov mərasimdə çıxış edərək, Hərbi andı qəbul edən kursantları və onların valideynlərini təbrik edib,  bu çətin və şərəfli yolda ilk addımlarını atan gənclərə hərbi xidmətdə və təhsildə uğurlar arzulayıb. Qeyd olunub ki, Hərbi and, bu andı içmiş hərbi qulluqçuların üzərinə çətin və şərəfli vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsi kursantlardan səmimi, cəsur və intizamlı olmağı, hərbi sirri göz bəbəyi kimi qorumağı, hərbi nizamnamələrin tələblərinə, komandirlərin  və rəislərin əmrlərinə sözsüz  tabe olmağı tələb  edir.
Mərasimdə çıxış edən kursant valideyni övladının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını daşıyan Akademiyada təhsil almasından qürur duyduğunu qeyd edib, kursantlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və DTX rəhbərliyinə bütün kursant valideynləri adından öz dərin minnətdarlığını bildirib.
Daha sonra kursantlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
Tədbirin davamı olaraq Akademiya rəhbərliyi kursant valideynləri ilə birlikdə Akademiyada kursantlar üçün yaradılmış şəraitlə tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.