logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

29 May 2025, 13:00

DTX-nin Akademiyasında elmi seminar keçirilmişdir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində may ayının 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) elmi seminar keçirilmişdir.
Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, kursant və dinləyiciləri ilə yanaşı, Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov iştirak etmişdir. Tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Elmi seminarda bildirilmişdir ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının ölkəmizin hüquqi dövlət kimi inkişafında müstəsna rolu olmuşdur. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin mühüm tarixi əhəmiyyət daşıdığı xüsusi vurğulanaraq, bu münasibətlə Akademiyada silsilə tədbirlərin keçirildiyi iştirakçıların diqqətinə çatdırılmışdır.
Daha sonra Milli Məclisin deputatı, tarix elmləri doktoru V.Qafarov “Azərbaycanın suverenliyi: Cümhuriyyətdən bu günə” mövzusunda məruzə ilə çıxış etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bir çox tarixi faktlara nəzər yetirən V.Qafarov suverenliyin hər bir dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti olduğunu bildirmişdir. Məruzəçi qeyd etmişdir ki, yüz ildən çox davam edən müstəmləkə əsarətindən sonra  1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız özünün milli müstəqilliyinə qovuşub. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra Sovet rejiminin hərbi təcavüzü nəticəsində süqut etsə də, bu işğal Azərbaycanın beynəlxalq hüququn subyekti olması faktını silib ata bilmədi. 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etdi. Cümhuriyyət hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasətinə son qoymaq olsa da, həmin dövrdə yaranmış hərbi-siyasi vəziyyət bu vəzifəni həyata keçirməyə imkan vermədi. Müstəqil Azərbaycanın bəlasına çevrilmiş bu problemin həll edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi Ulu Öndər Heydər Əliyevin də ən böyük arzusu idi. Ulu Öndərin bu arzusunu həyata keçirən Prezident İlham Əliyev bu problemi uğurla və kökündən həll edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Bununla ölkəmiz son 30 ildə heç bir dövlətin əldə edə bilmədiyi uğura imza ataraq dünya birliyində öz layiqli yerini bir daha təsdiqlədi. Tədbirin sonunda V.Qafarov Akademiyanın əməkdaşlarının və kursantlarının mövzu ilə bağlı suallarını cavablandırmışdır.