DTX-nin Akademiyasında elmi-nəzəri seminar keçirilmişdir.
May ayının 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) “İnsan Hüquqları Aylığı” çərçivəsində Akademiyanın əməkdaşlarının və kursantlarının iştirakı ilə elmi-nəzəri seminar keçirilmişdir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 1998-ci ilin iyun ayının 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiq olunan “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə insan hüquqlarının təmini sahəsində ilk strateji sənəd hesab edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən isə həmin dövlət proqramının qəbul olunduğu 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən həmin gün ərəfəsində ənənəvi olaraq 18 may - 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan olunur.
Daha sonra tədbirdə kursantların “Müharibə qurbanlarının müdafiəsi” mövzusunda çıxışları dinlənilmiş və hazırladıqları təqdimatlar nümayiş etdirilmişdir.