06 Mart 2024, 16:00
DTX-nin Akademiyasında dəyirmi masa keçirilmişdir
Martın 6-da, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü ərəfəsində “Azərbaycan Respublikasının qanunvericiliyində mövcud problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilmişdir.
Akademiyanın rəhbərliyinin və kursantlarının, həmçinin respublikanın digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin əməkdaşlarının və kursantlarının iştirak etdiyi tədbir açıq elan olunduqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiya rəisinin birinci müavini polkovnik Azər İsmayılov dəyirmi masa iştirakçılarını salamladıqdan sonra Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi tarixi inkişaf yolundan bəhs edərək ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevin sözügedən təsisatın milliləşdirilməsində əvəzsiz rolundan danışmışdır. Müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının yenidən formalaşmasının məhz 1993-cü ildən – dahi rəhbərin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi vaxtdan başlandığını qeyd edən natiq DTX-nin Akademiyasının yaradılmasının da bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, bu gün möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunaraq ölkəmizin təhsil məkanında xüsusi yer tutan və Ulu Öndərin adını daşıyan Akademiyanın şəxsi heyəti Ali Baş Komandanın göstərdiyi yüksək etimadı doğrultmaq üçün əzmlə çalışır, DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərliyi altında yeni dövrün tələblərinə uyğun qaydada yüksəkixtisaslı kadr hazırlığı prosesini uğurla həyata keçirir.
Çıxışların ardınca Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Daha sonra tədbirdə xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının məruzələri dinlənilmiş, mövzu ətrafında geniş müzakirə və fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda xatirə fotoşəkli çəkdirilmişdir.