25 Sentyabr 2025, 17:00
DTX-nin Akademiyasında “Anım Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş respublika elmi-nəzəri konfransı keçirilmişdir.
Sentyabr ayının 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) “Anım Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dövlət suverenliyinin bərpası Azərbaycanda müstəqil dövlət quruculuğunun mühüm mərhələsidir” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir.
Tədbirdə Akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə yanaşı, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, təhlükəsizlik orqanlarının veteranları və kursantlar iştirak etmişlər.
İlk olaraq qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərin əziz xatirəsinə öz dərin ehtiramlarını bildirmişlər.
Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov qonaqları salamlayaraq bu il sentyabr ayının 27-də xalqımızın yaddaşına əbədi həkk olunmuş Vətən müharibəsinin başlanmasından beş il ötdüyünü diqqətə çatdırmışdır. General-mayor E.Nəsirov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başlandığı günün – sentyabrın 27-sinin Anım Günü kimi qeyd edilməsi Vətən yolunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə olan dərin ehtiramın ifadəsidir.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda milli dövlətçiliyin möhkəmləndirildiyini və peşəkar ordu formalaşdırmaq strategiyasının həyata keçirildiyini diqqətə çatdıran natiq bu kursun sonrakı illərdə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 2020-ci ildə qazanılan Zəfərin və 2023-cü ilin antiterror əməliyyatlarının məhz həmin strateji xəttin bəhrəsi olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli “27 Sentyabr”ın Azərbaycanın müasir tarixinə milli qürur günü kimi yazıldığını qeyd edərək, məhz həmin gündən başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun dövlətimizin başçısı cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında doğma torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdiyini, həmçinin bu müharibədə müasir texnologiyalar və peşəkar idarəetmə sayəsində Azərbaycan Ordusu tərəfindən XXI əsrin ən uğurlu hərbi əməliyyatlarından birinin həyata keçirildiyini bildirmişdir.
Konfransda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş gizir İlham Əliyev çıxış edərək belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunmuş, şəhidlərimizin ailələrinə, qazilərə, bütövlükdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıya, onların həyat şəraitinin daha da yaxşılaşdırılması məqsədilə atılan əməli addımlara görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.
Konfransın sonunda xatirə fotoşəkli çəkdirilmişdir.