logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

11 May 2023, 12:40

DTX-nin Akademiyası tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilmişdir

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlər çərçivəsində ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ekoloji tarazlığının qorunub saxlanılması işlərinə töhfə vermək məqsədilə Akademiyanın kursantlarının Xocəsən qəsəbəsində ağacəkmə aksiyası təşkil olunmuşdur.
Tədbirlərin davamı olaraq, DTX-nin Mədəniyyət Mərkəzində xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxslərinin və professor-müəllim heyətinin iştirakı ilə görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan dövlətçiliyinin təşəkkülündə və təhlükəsizliyinin təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Əvvəlcə qonaqlar Mərkəzin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoymuş, xatirə fotoşəkli çəkdirmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri giriş nitqi ilə DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik Elşad Nəsirov açıq elan etmişdir. O, xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyətini salamladıqdan sonra Heydər Əliyevin təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı 50-ci illərin əvvəllərindən etibarən bu təsisatda apardığı milliləşdirmə prosesindən, təhlükəsizlik təşkilatındakı 25 illik nümunəvi xidmət yolundan, bu orqanlarda çalışarkən peşəkarlıqla həyata keçirdiyi əməliyyat kombinasiyalarından, kadr potensialının formalaşdırılması üçün Ulu Öndərin adını daşıyan DTX-nin Akademiyasının yaradılmasında dahi şəxsiyyətin əvəzsiz səylərindən, habelə Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu istiqamətində gördüyü ölçüyəgəlməz işlərdən ətraflı söz açmışdır.
Daha sonra tədbirdə xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbərlərinin və professor-müəllim heyətinin məruzələri dinlənilmişdir. Çıxışçılar Azərbaycan təhlükəsizlik orqanlarının hazırkı inkişaf səviyyəsinə çatmasında Ümummilli Lider Heydər Əliyevin və Ali Baş Komandan cənab İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs etmişlər. Xususilə qeyd olunmuşdur ki, bu gün Ulu Öndərin siyasi kursunu inamla və uğurla davam etdirən, müstəqilliyimizi əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin etibarlı və təhlükəsiz gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradılmışdır.
Tədbirdə həmçinin mövzu ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılmışdır.