logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

27 Sentyabr 2021, 16:00

“Anım Günü” ilə bağlı elmi-nəzəri konfrans keçirilmişdir

27 sentyabr 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə “27 Sentyabr - Anım günü”nə həsr olunmuş “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn formatda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda DTX-nin Heydər Əliyev adına Akademiyasının, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin akademiyalarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak etmişlər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmişdir.
DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov konfransda açılış nitqi ilə çıxış edərək, Azərbaycanla Ermənistan arasında 30 ilə yaxın nəticəsiz qalan sülh danışıqlarının beynəlxalq hüquq normalarının yerinə yetirilməməsi baxımından tarixi ədalətsizlik olduğunu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycanın haqq-ədaləti tək başına həll etdiyini vurğulamışdır. Akademiyanın rəisi bildirmişdir ki, ölkəmizin qazandığı bu qələbədə hərbi gücümüzlə yanaşı, dövlətimizin başçısının uzaqgörən siyasi-diplomatik addımlarının da əsas rolu olmuşdur. O, Azərbaycanın ilk günlərdən sülh prosesinə sadiqlik nümayiş etdirməklə yanaşı, hərbi potensialını müasir tələblərə uyğun olaraq davamlı surətdə artırdığını, Vətən müharibəsində qazanılan Qələbə ilə bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini əyani şəkildə göstərdiyini qeyd etmişdir.
Konfransda çıxış edən digər məruzəçilər Silahlı Qüvvələrimizin hazırda dünyanın 50 ən güclü ordusu sırasında olmasından bəhs edərək bildirmişlər ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan haqq savaşında Azərbaycanın tətbiq etdiyi müasir döyüş texnikası və taktikası hərb tarixində yeni bir səhifə açmışdır. Əbəs yerə deyildir ki, Vətən müharibəsinin gedişatı və nəticələri bu gün aparıcı ali hərbi məktəblərdə ətraflı təhlil edilir və öyrənilir. Eyni zamanda qeyd olunmuşdur ki, həmin günlərdə Azərbaycanın təkcə döyüş meydanında deyil, həmçinin informasiya məkanında da üstünlük qazanması, Azərbaycan Prezidentinin öz gərgin iş qrafikinə baxmayaraq, mütəmadi olaraq nüfuzlu xarici KİV-lərə müsahibə verməklə baş verənlərlə bağlı həqiqətləri və mühüm tarixi faktları dünyaya çatdırması Ermənistan tərəfinin və onun havadarlarının beynəlxalq mediada yaymağa çalışdıqları mifləri darmadağın etmişdir.
Konfrans iştirakçıları Qarabağın “döyünən ürəyi” Şuşanın azad edilməsi əməliyyatını Azərbaycanın hərb tarixində şərəfli və parlaq səhifə olduğunu bildirərək mənfur düşmənin Şuşanı itirməklə kapitulyasiya aktını imzalamağa məcbur qaldığını vurğulamış, əldə edilən qələbənin əsasında Azərbaycan xalqının misilsiz və sarsılmaz həmrəyliyinin, Müzəffər Ali Baş Komandanın və Şanlı Ordumuzun ətrafında sıx birləşməsinin dayandığını xüsusi olaraq diqqətə çatdırmışlar.
Sonda konfrans iştirakçıları “Anım günü” ilə əlaqədar keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndirmiş və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.