Akademiyada Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
İlk olaraq tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən fotoşəkillər, kursant və əməkdaşların çəkdikləri rəsmlər və mövzuya aid kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
Anım mərasimi açıq elan olunduqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırmış, bu cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyini vurğulayaraq, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində son illər ərzində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmışlar.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.