23 Fevral 2024, 17:00
Akademiyada professor Cəlal Qasımovun 65 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) tanınmış alim, respublikanın əməkdar müəllimi, filologiya elmləri doktoru, professor Cəlal Qasımovun 65 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Akademiyanın rəhbərliyi, əməkdaşları, kursantları və professor Cəlal Qasımovun ailə üzvlərinin iştirak etdiyi tədbir tanınmış alimin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Tədbirdə çıxış edənlər professor Cəlal Qasımovla bağlı xatirələrini bölüşmüş, tanınmış alimin repressiya dövrünə aid olan arxiv materiallarını araşdırdığını və onu sistemli şəkildə təhlil edərək elmi müstəviyə gətirdiyini qeyd etmişlər. Professor Cəlal Qasımovun Azərbaycanın ictimai-siyasi tarixi ilə bağlı 30-dan çox kitabın müəllifi olduğunu vurğulayan natiqlər onun bu xüsusi təyinatlı ali təhsil müəssisəsində təhlükəsizlik orqanları üçün zabitlərin yetişdirilməsi kimi məsuliyyətli vəzifənin həyata keçirilməsindəki xidmətləri barədə danışmışlar.
Professor Cəlal Qasımovun xatirəsinə göstərilən ehtirama görə onun ailə üzvləri adından DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə və Akademiya rəhbərliyinə minnətdarlıq ifadə olunmuşdur.
Daha sonra tədbirdə professor Cəlal Qasımovun həyat və fəaliyyətindən bəhs edən “Alim ömrünün işığında” sənədli film nümayiş etdirilmişdir.
Tədbirin sonunda professor Cəlal Qasımovun ailə üzvlərinə Akademiyanın xatirə hədiyyələri təqdim olunmuşdur.