03 Aprel 2024, 18:00
Akademiyada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Aprelin 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında (Akademiya) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, kursant və dinləyiciləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov iştirak etmişdir.
Tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi polkovnik Elşad Nəsirov 1918-ci ilin mart ayında erməni silahlı dəstələri tərəfindən dinc Azərbaycan əhalisinə qarşı törədilmiş, XX əsr tariximizin ən faciəvi və qanlı səhifələrindən olan bu soyqırımı aktına hüquqi-siyasi qiymətin verilməsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Belə ki, məhz Ulu Öndərin 1998-ci il mart ayının 26-da imzaladığı müvafiq Fərmanla hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov Mart soyqırımı barədə tarixi faktlara nəzər yetirmiş, 1918-ci ildə ermənilərin azərbaycanlıları Bakı, Şamaxı, Quba şəhərlərində və digər bölgələrimizdə kütləvi qırğına məruz qoyduğunu diqqətə çatdırmışdır. Soyqırımına dair həqiqətlərin dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edən professor A.İsgəndərov ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində layiqincə verildiyini vurğulamışdır.
Tədbirin sonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.