logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

25 İyun 2021, 14:00

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir

25 iyun 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı, xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər heyəti və yüksək rütbəli zabitlərinin iştirakı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş onlayn dəyirmi masa keçirilmişdir. 

Tədbirdə giriş nitqi ilə DTX-nin Heydər Əliyev adına Akademiyasının  rəisinin I müavini  polkovnik-leytenant Elşad Nəsirov, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəis müavini general-mayor Hafiz Musayev, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının  rəisinin I müavini  polkovnik-leytenant  Qəzənfər Bağırov və Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisinin müavini professor, gömrük xidməti polkovnik-leytenantı Cəmilə Namazova çıxış etmişlər.

Tədbirdə həmçinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin HSİF kafedrasının rəisi  polkovnik Eldəniz Tağıyev “Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi istiqamətində Cənab İlham Əliyevin fəaliyyəti”, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin Adyunkturasının professor-məsləhətçisi, t.e.d., dosent Mehman Süleymanov “Ordu quruculuğu sahəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət barədə”, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hərbi kafedranın rəisi, dosent, polis polkovniki Hacı Aslanov “Azərbaycan ordusunun inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi i.ü.f.d., dosent M.Ramazanov “Məğlubiyyətdən zəfərə aparan yolun iqtisadi aspektləri”, Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinin İdeoloji iş və mənəvi psixoloji şöbəsinin rəisi polkovnik Emin Səfərov “26 iyun - Silahlı Qüvvələr Günü”, Dövlət Gömrük Komitəsinin Akademiyasının Katibliyinin mütəxəssisi gömrük xidməti leytenantı Sərvər Şükürov “Şanlı Azərbaycan ordusunun yenilməz rəşadəti”, DTX-nin Heydər Əliyev adına Akademiyasının baş müəllimi N.Məhərrəmov “Güclü dövlət, qalib ölkə, müzəffər ordu!”, DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllimi N.Abbasova “Beynəlxalq müqavilələrin müddəaları hərbi hüququn mənbələri kimi” adlı mövzularla çıxış edərək Ümummilli Liider Heydər Əliyevin hakimiyyətə qətiyyətli qayıdışı ilə ordu quruculuğunda yeni dönüş mərhələsinin yaranmasını, bu sahədə əsas meyar olan milli kadrların hazırlanması prosesinin təməl daşının məhz Ulu Öndər tərəfindən qoyulmasını və onun ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ilə silahlı qüvvələrimizin qüdrətinin günü-gündən artmasını qeyd etmişlər. Natiqlər ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyi kimi qiymətləndirmişlər.  Dövlət başçısının ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş apardığı tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Tədbirdə həmçinin, cənubi Qafqazın ən qüdrətli ordusuna malik olan və döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedən Azərbaycanın Silahlı Qüvvələrinin hərbi arsenalını 10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradında bütün vətəndaşlarımızın, eləcə də dünya ictimaiyyətinin müşahidə etdiyi qeyd edilmişdir. Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi daxil olan Vətən müharibəsində ordumuzun ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsi və canlı qüvvəsini məhv etdiyi həmçinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən ordusunu darmadağın edərək Ermənistanı hərbi kapitulyasiya sənədini imzalamasına məcbur etdiyi də məruzəçilər tərəfindən xüsusi vurğulanmışdır.

Sonda dəyirmi masa iştirakçıları xüsusi təyinatlı ali təhsil müəssisələri arasında belə tədbirlərin keçirilməsinin səmərəli əməkdaşlıq üçün əhəmiyyətini yüksək qiymətləndirmiş və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.