logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

14 İyun 2021, 16:00

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

14 iyun 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında (Akademiya) kursantların iştirakı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Akademiyanın baş müəllimi, Kursant Elmi Cəmiyyətinin sədri N.Məhərrəmov tədbiri giriş nitqi ilə açıq elan etdikdən sonra Dövlət himni səslənmişdir. Sonra Akademiyanın kursantı Ə.Kərimov çıxış etmişdir. O, çıxışında xalqın israrlı və təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin qurtuluş missiyasını öz üzərinə götürərək siyasi hakimiyyətə tarixi qayıdışının ölkəni anarxiyadan, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, Ulu Öndərin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə Azərbaycan xalqı həqiqi qurtuluşuna qovuşmuşdur. Kursant Ə.Kərimov Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, dünyada söz və yüksək nüfuz sahibi olduğunu xüsusilə vurğulamışdır.

Sonra çıxış üçün söz Akademiyanın kursantı E.Əliyevə təqdim olunmuşdur. O, çıxışında dövlətimiz üçün ağır və məsuliyyətli bir dövrdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxladığını, ictimai-siyasi sabitliyi bərqərar etdiyini, ölkəni yeni inkişaf yoluna çıxardığını və  Azərbaycanı dünya dövlətləri sırasında sayılıb-seçilən bir dövlət olaraq tanıtdığını qeyd etmişdir.

Tədbir 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayiş olunması ilə başa çatmışdır.